Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır

Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır

Mətanət Qarayeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 118 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edildi. Bu, 100 ilin tarixinə, Azərbaycanın dövlətçilik tarixinə böyük ehtiramdır. Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Demokratik Respublikası xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoydu. Azərbaycan Xalq Cümhuriyyəti ili həm də Azərbaycan Ordusunun 100 illik yubileyi ili kimi qeyd edildi.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik tarixində özünəməxsus yeri və önəmi zaman keçdikcə daha aydın görünür və yüksək dəyərləndirilir. Ümummilli lider Heydər Əliyev AXC-nin yaranmasını çoxminillik dövlətçilik ənənələrimizin ölməzliyinin təzahürü və xalqımızın müstəqillik arzularının gerçəkləşməsinin təntənəsi kimi qiymətləndirir, çağdaş müstəqil Azərbaycan dövlətinin onun hüquqi-siyasi varisi olduğunu vurğulayırdı.

26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görüldü. 1918-ci il  oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabr ayının 1-də imzalandı. 1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səli-mov kimi istedadlı generalları var idi. Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.

Tarix də sübut edir ki, böyük dövlət xadimləri, istedadlı siyasi rəhbərlər öz ölkələrinin sınaq dövrlərində böhrandan çıxıb inkişafa üz tutulmasında çox önəmli rol oynamışlar. Bu baxımdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də yaxın tarixdə öz ölkəsinin taleyində müstəsna rol oynamış və ən mürəkkəb şəraitdə xilaskarlıq missiyasını üzərinə götürmüşdür. Ulu öndər Azərbaycana hər iki rəhbərliyi dövründə ölkəsinin hərtərəfli inkişafını yüksək səviyyəyə qaldırmışdır.

Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdı.

Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

1993-cü il oktyabrın 3-də xalqın böyük əksəriyyətinin sevgi, etimad və dəstəyi ilə müstəqil Azərbaycanın ilk həqiqi Prezidenti seçilmiş Heydər Əliyevin yeni şəraitdə dövlət quruculuğunun bütün sahələrində, o cümlədən ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsi sahəsində gördüyü əzəmətli işlər onun mahir siyasətçi, böyük təşkilatçı olduğunu bir daha sübut etdi.  Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də incə və əsaslı siyasət yeridilməsində Heydər Əliyevin ali keyfiyyətləri o çətin günlərdə bir daha xalqına təmənnasız xidmətə səfərbər edildi. Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusu ağır böhran, parçalanma və qarşıdurma həddində idi. Məhz belə bir şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürdü və respublikanı mərhələ-mərhələ bu dərin böhrandan çıxarmağa başladı.

Ulu öndər tarix üçün kifayət qədər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bildi. Heydər Əliyev hərbi quruculuğa münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı. Ulu öndərin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamı geri qaytardı. Orduya qayğı ümummilli dəyər aldı, silahlı qüvvələr vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər olundu.

1994-cü il may ayının 4-də Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin zabitləri NATO-nun strateji və regional qərargahlarında müxtəlif vəzifələrə təyin edilmişlər. Hər il Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramı hazırlanır və təsdiq edilir. Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində “Sülh Naminə Tərəfdaşlıq” mərkəzi fəaliyyət göstərir. Onu da qeyd edək ki, 2003-cü ildən etibarən NATO Bakıdakı yay məktəbinin maliyyələşdirilməsində iştirak edir.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır.

Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi. Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra — 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı.

2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Vətən müharibəsində qazanılan Zəfər ordu quruculuğunda müəyyən islahatları şərtləndirdi. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Müharibədən sonrakı dövrdə də ordu birliklərinin öz cavabdehlik sahələrində müstəqil fəaliyyət göstərə bilmələri üçün onların tərkibində komando hərbi hissələrinin yaradılmasına zərurət yarandı. Bu hərbi hissələr daha çox xüsusi relyef şəraitində fəaliyyət üçün faydalı hesab olunur və xidmət edənlər əsasən xüsusi təlimlərdən və kurslardan keçərək müqavilə əsasında xidmət edən şəxslər olacaq.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycanın özünün azərbaycançılıq ideologiyası əsasında formalaşan Milli Müdafiə Universiteti olacaq.

 Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.